Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
AZƏRBAYCAN
ODLAR YURDU - AZƏRBAYCAN
Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız
təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu
diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif
mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri
ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən
söhbət açmaq istəyirik.
Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən
bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin
atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan
əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər"
- od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində
qədim zamanlarda türk soylu "Azər" sözündəndir.
"Azər" - "az" və "ər" tərkibindən
ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət,
uğurlu tale kimi anlamları var. "Azər" - yəni
"ər kişi", "ər oğlu", "od qoruyan"
deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan
qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən
biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda
öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda
insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin
yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz
yeri, öz payı vardır.
Zaman uzun keçmişlərin bir çox arxeoloji
və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır.
Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən
yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara,
başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər.
Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün
bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.
Azərbaycan qədim mədəniyyət ölkəsidir.
Buraya köçüb gəlmış oğuz tayfaları həmin ərazidə əsrlər
boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə
qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk
mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı
və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud",
"Oğuznamə", "Koroğlu" və bir çox başqa
epik abidələrdə təcəssüm etmişdir.
Bu bərəkətli, səxavətli və mehriban
torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin,
şairlərin, memarların, müsiqiçilərin, rəssamların beşiyi
olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz
açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi,
Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin
Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov,
M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid,
C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi
dahilər bəxş etmişdir.
Doğma diyarın al-əlvan təbiəti Səttar
Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl
Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq
lövhələrində əksini tapmışdır.
Xalq müsiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov,
Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi,
Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada
səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül,
Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə
ilham vermişdir.
Məşhur Azərbaycan xalçaları sanki təbiətin
bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini
özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi,
zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox
uzaq olan ölkələrə gedib çıxırlar.
Dünyanın bir çox muzeylərində Azərbaycan
ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları
dekorativ sənət nümunələri saxlanılır.
Azərbaycanda elmin və maarifin çoxəsrlik
tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti,
1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının
institutları respublikada elmin, təhsilin və mədəniyyətin
inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika
alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun
ənginlikləri, insan beyninin sirləri və s. problemlər
daxildir.
Onlarla ali məktəb və texnikumlar, minlərlə
məktəb, kollec və litseylər, ilahiyyət məktəbi - budur
bugünkü Azərbaycanın təhsil sisteminin mənzərəsi.
Respublika alimlərinin həll etdikləri
mühüm problemlərdən biri Xəzər dənizinin, Azərbaycanın
müxtəlif bölgələrinin ekologiyasının qorunub saxlanmasıdır.
Alimlərin səyləri sayəsində onlarla qoruq - Qızılağac,
Şirvan, Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.
Onilliklər boyu ölkə sənayəsini neftçıxarma,
neft-kimya və neft emalı, kənd təsərrüfatını isə pambıqçılıq,
üzümçülük, tərəvəzçilik və maldarlıq təmsil etmişdir.
Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə
bənzətsək, etiraf edilməlidir ki, onun damarlarından neft
axır. Azərbaycanda yer altından neftin, yanar qazın çıxması
bu yeri hələ qədim zamanlarda hər yerdə məşhur etmişdir.
Azərbaycan ta qədimdən özünün əbədi yanan
ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda Yanardağ
deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkaranda,
Babadağda… yerdən qaynar sular çıxır.
Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah
vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda
inanan, oda tapınan atəşpərəstlər, hətta Hindistandan
kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar
və özlərinin baş məbədlərini burada - Suraxanı Atəşgahında
yaratmışlar.
Bu gün də "Azərbaycan" deyəndə göz önünə onun
əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm
də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb
gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin
ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu
tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları
ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə
işıq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman
kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə
yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı.
XIX əsrdən başlayaraq bütün dünyada sənayenin yüksəlişi
ilə əlaqədar olaraq neftə olan ehtiyac görünməmiş bir
sürətlə artdı. Həmin əsrdən başlayaraq neft məişət vasitəsindən
çıxaraq siyasətə çevrilir. Tarixə elm-texnika əsri kimi
daxil olmuş XX əsrdə isə neft məsələsi dünya məsələsinə
çevrilir. Neft ölkələrində xüsusi neft siyasəti, neft
strateqiyası meydana gəlir.
Bu gün Azərbaycanda nəhəng enerji layihələri
yerinə yetirilməkdədir. Xəzər dənizinin Azərbaycana aid
olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir.
Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını
ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni
iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında
siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz
nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində
Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə
çevrilmişdir.
Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzünə və onun ağır nəticələrinə (Ermənistan Dağlıq
Qarabağ və onun inzibati sərhədlərindən kənarda yerləşən
7 rayonu işğal edib. Ölkənin 8 milyonluq əhalisinin 1
milyonu qaçqın-köçkündür) baxmayaraq, ölkəmiz bütün potensialını
səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar
əldə etməkdədir. Azərbaycan mürəkkəb və sərt maneələri
dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm
və qətiyyətli addımlarını atmaqda davam edir.
Hazırda Azərbaycan Birləşmiş Millətlər
Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər
Birliyi (MDB), GUAM, İslam Konfransı Təşkilatı (İKT),
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi
Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların
üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq
Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam
İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq
edir, yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə
qoşulur.